1 - O qaşqabağını sallayıb üzünü (yana) çevirdi.
2 - Yanına bir korun gəlməsinə görə.
3 - Nə bilirdin ki, bəlkə o (günahlardan) təmizlənəcəkdi
4 - və yaxud nəsihət dinləyib faydalanacaqdı.
5 - (Nəsihətə) ehtiyacı olmayana gəlincə isə,
6 - sən ona diqqət yetirirsən.
7 - Onun təmizlənməməyinin sənə bir dəxili yoxdur.
8 - Səy göstərib sənin yanına gələn,
9 - (Allahdan) qorxan kimsəyə gəlincə,
10 - ona məhəl qoymursan!
11- Xeyr! Şübhəsiz ki, bu, bir nəsihətdir.
12 - Kim istəsə, qoy onu xatırlayıb ibrət alsın.
13 - (Bu Quran) kəramətli səhifələrdədir,
14 - yüksək və pak (səhifələrdədir).
15 - (Bu səhifələr) elçilərin əllərində,
16 - möhtərəm və müti olanların (əllərindədir).
17 - Qoy ölsün (kafir) insan! O necə də nankordur!
18 - (Qoy baxıb görsün Allah) onu nədən yaradıb?
19 - (Allah) onu nütfədən yaratdı və müəyyən şəkildə formalaşdırdı.
20 - Sonra da onun yolunu asanlaşdırdı.
21 - Sonra onu öldürüb qəbirə yerləşdirdi.
22 - İstədiyi bir zaman onu dirildəcəkdir.
23 - Xeyr! O, hələ də (Allahın) ona buyurduğunu yerinə yetirməmişdir.
24 - Qoy insan yediyinə diqqət yetirsin (bir az!)
25 - Həqiqətən, yağışı bol-bol Biz yağdırırıq.
26 - Sonra da yeri çat-çat yarıb
27 - orada taxıl yetişdiririk.
28 - (Habelə) üzüm və yonca,
29 - zeytun və xurma (ağacları),
30 - sıx-sıx bağlar,
31 - meyvələr və otlar da (bitirdik).
32 - (Bu nemətlər )sizin (istifadəniz) və mal-qaranızın faydalanması üçündür.
33 - Qulaqbatırıcı bir səs gələndə --
34 - o gün insan qaçacaq öz qardaşından,
35 - anasından, atasından,
36 - arvadından və övladlarından!
37 - O gün onlardan hər birinin yetərincə işi olacaqdır.
38 - O gün (neçə-neçə) üzlər parlayacaq,
39 - güləcək və fərəhlənəcəkdir.
40 - O gün (neçə-neçə) üzlərə toz-torpaq hopacaq,
41 - onları zülmət bürüyəcəkdir.
42 - Məhz onlardır kafirlər, günahkarlar!