Şamaxı şəhərindəki Şəhidlər Xiyabanını köçürüb yerində otel tikmək istəyirlər. Bu inanılmaz məsələ ilə bağlı müstəqil jurnalist Laçın Məmişov RATİ-də mətbuat konfransı keçirib.
O qeyd edib ki, Xiyaban 5 ildir hasara alınıb, hətta ziyarət günləri belə açılmır, sakinlər şəhid olan övladlarını min bir əziyyət bahasına ziyarət edə bilirilər.
Şəhidlər Xiyabanın niyə hasara alınması barədə suala Şamaxı rayon icra hakimiyyətindən həmin ərazidə "torpaq sürüşməsi" olması kimi əsassız cavab verilib. Sakinlərin, şəhid ailələrinin müraciətlərinə baxmayaraq Şamaxıdan deputat seçilən Elxan Süleymanov bu məsələyə maraq belə göstərməyib.
Rayon icra başçısının şəhid ailələrini yığaraq qəbirlərin köçürülməsi haqda təklifləri dəfələrə etiraz və müqavimətlə qarşılanıb. Bəzi ailələr icra başçısına kəskin cavab da veriblər. Qəti etiraz edən şəhid ailələrinin üzvləri polislə qorxudulur, müxtəlif vasitələrlə susmağa məcbur edilir. "Belə bir şəraitdə bu duruma son qoymaq üçün məsələni ictimailəşdirməyi qərara aldıq, yalnız ictimai qınaq və vətəndaş fəallığı bu biabırçılığın önünü kəsə bilər"-deyə Laçın Məmişov mətbuat konfransı keçirməsinin mahiyyətinə aydınlıq gətirib.
Amma rayon icra başçısının müavini Ağamustafa Vahidov Laçın Məmişovla telefon danışığında həmin ərazidə otel tikilməsi kimi niyyət olduğunu deyib. Həm də həmin ərazilərin bir neçə il öncə "Gilan Holdinq"ə satılması müqaviləsi olduğunu bildirib. İndiyə kimi tikinti işi aparılmamasına səbəb kimi ərazi üzərindən yüksək gərginlikli elektrik xətlərinin keçməsini göstərib. Belə ki, həmin xətlərin yerlərinin dəyişdirilməsi külli miqdarda vəsait tələb edir. Laçın Məmişov deyib ki, həmin ərazidən elektrik xətləri keçmir. Sadəcə, əhalinin reaksiyasının necə olacağını proqnozlaşdıra bilməyən icra hakimiyyəti bu addımı atmağa cəsarət etmir.
Tədbirə qatılan ictimaiyyət fəalları məsələnin həlli üçün parlamentə, dövlət başçısına, müharibə veteranları birliklərinə, müdafiə nazirliyinə müraciət ünvanlamağı təklif ediblər. Medianın bu məsələni diqqətdə saxlamasının vacibliyini vurğulayıblar.
Eyni zamanda Şəhidlər Xiyabanı ərazisinin özəl şirkətə satılmasına imza atan məmurların cəzalandırılmasını tələb edilib. Media təmsilçilərindən ibarət qrupun baş verənlərə aydınlıq gətirilməsi üçün Şamaxıya səfər etmələri təklifi səslənib.
Qeyd edək ki, Şamaxıda Şəhidlər Xiyabanı 1992-ci ildə salınıb. 2 hektara yaxın ərazisi var. Xiyabanda 24 şəhid dəfn edilib.