Bu gün Bakıda İsmayıllı rayon sakinlərinin etiraz aksiyasına dəstək olaraq gənclərin təşəbbüsü ilə «Silahı üstümüzdən çəkin» adlı aksiya keçirilib. "İsmayıllı oyaqdı, Bakı ona dayaqdı" "İsmayıllı yatmayıb, qeyrətini satmayıb","Biz İsmayıllı sakinlərini dəstəkləyirik!", "İstefa!", "Azadlıq!" şüarları səsləndirən 300-ə yaxın aksiyaçının bir yerə toplaşmasının qarşısı zorakılıqla alınıb, onlara qarşı fiziki güc tətbiq edilib. Polis jurnalistlərlə kobud davranıb, onların peşə borcunu yerinə yetirməsinə imkan verməyib. Beynəlxalq müşahidəçilərin gözü qarşısında yüzə yaxın aksiyaçı, jurnalist, hüquq müdafiəçisi saxlanılıb. Jurnalistlər Xədicə İsmayılova, Şahvələd Çobanoğlu, Zaur Rəsulzadə, hüquq müdafiəçiləri İntiqam Əliyev, Məlahət Nəsibova, İlqar Nəsibov, bloggerlər Bəxtiyar Hacıyev, Emin Milli, Mürsəl Əliyev, Fuad Hacıyev, partiya funksionerləri Gözəl Bayramlı, Yeganə Hacıyeva, Əbülfəz Qurbanlı, gənc fəallar Turqut Qəmbər, Nərgiz Yaqublu da saxlanılanlar arasındadır. Saxlanılanların bir qrupu Qobustan rayonuna aparılaraq çöllük ərazidə sərbəst buraxılıblar. Digərləri isə Səbail rayon polis idarəsinə, Nəsimi rayon 21-ci və 22-ci polis bölmələrinə, Xətai rayon 37-ci polis bölməsinə aparılıblar. Daha sonra Səbail və Nəsimi rayon məhkəmələrinə gətirilən aksiyaçıların bir qismi "Sərbəst toplaşmaq haqqında" qanunun müvafiq bəndlərinə uyğun olaraq 400 manatdan 2000 manatadək cərimələniblər. 2000 manatlıq ən yüksək cərimə AXCP sədrinin müavini Gözəl Bayramlıya kəsilib