XƏZAN LİRİKASI / KHTV-2020
💔💔💔💔💔💔💔💔💔💔💔💔
Sevgimizin xətrinə
Əzəl gündən qara gəlib taleyi,
Yaşamağa nə gücü var, nə heyi,
Gözlər mənə dönə-dönə qal deyir,
Kədər qonur şeirimin sətrinə,
Burax gedim sevgimizin xətrinə...
Qalsam, yenə mənə dəli deyərlər,
Necə qalım sən verdiyin dəyərlə?
Gözlərimə soyuq dəyir bu yerlər,
İndi yadam hər döngəyə hər tinə,
Burax gedim sevgimizin xətrinə...
Mənası yox məhəbbətsiz dünyanın,
Soyuq rüzgar qovur ruhun bu canın,
İslanmışıq yağışında hicranın,
Sığınmadıq bu sevdanın çətrinə,
Burax gedim sevgimizin xətrinə...
Həsrətinlə hər günümü il etdin,
Qönçələri göz yaşimla gül etdin,
Atib oda gəncliyimi kül etdin,
Necə varım sənsizliyin fərqinə?
Burax gedim sevgimizin xətrinə...
Dindirməyin ürəyimin qəm simin,
Dərd verməyə haqqı yoxdu heç kimin,
Uzun illər qoruduğum eşqımin
Bir xəyanət düşüb indi bətninə,
Burax gedim sevgimizin xətrinə...
Akif Xəzan
Ağdam-2013