Cavab: “Rəc`ət” lüğətdə “qayıtmaq”, istilahda isə “insanların öldükdən sonra elə bu dünyada və qiyamətdən öncə qayıtması” mə`nasınadır. Bu, imam Zaman (ə)-ın dünya səviyyəli hərəkatı zamanı baş verəcəkdir. Bu müddəanın nə əql ilə ziddiyyəti vardır, nə də vəhy məntiqi ilə.
İslam dini, eləcə də digər ilahi dinlər nəzərindən insanın cövhərini və əsasını mücərrəd ruh təşkil edir ki, ona nəfs də deyilir. Bədən çürüdükdən, fani olub aradan getdikdən sonra ruh qalır və öz əbədi həyatını davam etdirir. Digər tərəfdən, böyük Allah qadiri-mütləqdir və heç bir maneə Onun qüdrətini məhdudlaşdıra bilməz.
Bu iki müqəddimə ilə aydın olur ki, rəc`ət məsələsi əql baxımından tamamilə mümkün olan bir işdir. Çünki azacıq təfəkkür etməklə mə`lum olur ki, insanlardan bir qrupunun həyata qaytarılması onların ilkin yaradılışından qat-qat asandır. Deməli insanları ilk dəfə yaradan Allah, şübhəsiz onları yenidən qaytarmağa da qadirdir.
Vəhy məntiqi əsasında rəc`ətin nümunələri keçmiş ümmət-lərdə mövcud olmuşdur. Qur`ani-Məcid bu barədə buyurur:
وَاِذْ قُلْتُمْ يَا مُوسَي لَن نُّؤْمِنَ لَكَ حَتَّي نَرَي اللَّهَ جَهْرَةً فَاَخَذَتْكُمُ الصَّاعِقَةُ وَاَنتُمْ تَنظُرُونَ ثُمَّ بَعَثْنَاكُمْ مِنْ بَعْدِ مَوْتِكُمْ لَعَلَّكُمْ تَشْكُرُونَ
“Yada salın o zamanı ki, siz (yəhudilər) dediniz: Ey Musa, biz böyük Allahı aşkar şəkildə görməyincə sənə iman gətirməyəcəyik. Bu zaman saiqə sizi tutdu, halbuki siz baxırdınız. Sonra sizi, öldüyünüzdən sonra diriltdik, bəlkə şükr edəsiniz.”
Digər bir ayədə həzrət İsa (ə)-ın dilindən buyurulur:
وَ اُحْيِ الْمَوْتَي بِاِذْنِ اللّهِ
“Ölüləri Allahın izni ilə dirildirəm.”
Qur`ani-Kərim təkcə rəc`ətin mümkünlüyünü təsdiq etmir, əksinə bə`zi insanların bu dünyada öldükdən sonra və qiyamətdən öncə yenidən həyata qayıtmalarını da təsdiq edir. Qur`an aşağıda qeyd olunacaq iki ayədə insanlardan bir qrupunun öldükdən sonra və qiyamətdən öncə bu dünyaya qayıtmasına işarə edir:
وَاِذَا وَقَعَ الْقَوْلُ عَلَيْهِمْ اَخْرَجْنَا لَهُمْ دَابَّةً مِنَ الْاَرْضِ تُكَلِّمُهُمْ اَنَّ النَّاسَ كَانُوا بِآيَاتِنَا لَا يُوقِنُونَ وَيَوْمَ نَحْشُرُ مِن كُلِّ اُمَّةٍ فَوْجًا مِمَّن يُكَذِّبُ بِآيَاتِنَا فَهُمْ يُوزَعُون
“Elə ki, Bizim sözümüz onlara vaqe oldu, onların arasından bir varlığı yerdən çıxardarıq ki, camaatla Bizim sözümüzə inanmadıqları barəsində danışsın. O gün ki, hər ümmətin arasından Bizim ayələrimizi təkzib edənlərin bir qrupunu dirildərik və onlar tutularlar.”
Rəc`ət məsələsini bu iki şərif ayə əsasında isbat etmək üçün yaxşı olar ki, aşağıda qeyd olan məsələyə də diqqət yetirək:
1-İslam müfəssirlərinin inancına görə bu iki ayə qiyamətlə əlaqədar məsələni bəyan edir. Birinci ayədə qiyamətdən öncə baş verən hadisələrə işarə edilir. Belə ki, Cəlaləddin Süyuti özünün “Əddurrul-Mənsur” adlı təfsirində ibni Əbi Şeybədən, o da Hüzeyfədən nəql edir ki, (ayədəki) “xürucul-dabbə” qiyamətdən öncə baş verən hadisələrdir.
2-Şübhəsiz, qiyamət günündə müəyyən bir ümmətin arasından bir qrup deyil, bütün insanlar dirildiləcəkdir. Qur`an qiyamətdə bütün insanların dirildilib məhşər səhnəsinə gətiriləcəyi barəsində belə buyurur:
ذلِكَ يَوْمٌ مَحْمُوعٌ لَهُ النَّاسُ
“O (Qiyamət) elə bir gündür ki, bütün insanlar bir yerə toplanar.”
Başqa bir ayədə buyurulur:
وَيَوْمَ نُسَيِّرُ الْجِبَالَ وَتَرَي الْاَرْضَ بَارِزَةً وَحَشَرْنَاهُمْ فَلَمْ نُغَادِرْ مِنْهُمْ اَحَدًا
“O gün (Qiyamət günü) ki, dağları hərəkətə gətirərik, yeri aşkar şəkildə görərsən və onların hamısını bir yerə toplayarıq, heç kəs qalmaz.”
Deməli, qiyamət günündə bütün insanlar dirildiləcəkdir və bu, hər hansı qrupa məxsus deyildir.
3-Qeyd olunan ikinci ayə isə bütün insanların deyil, müəyyən ümmətlərin arasından xüsusi bir qrupun dirildiləcəyini aşkar şəkildə bəyan edir. Çünki həmin ayədə buyurulur:
وَيَوْمَ نَحْشُرُ مِن كُلِّ اُمَّةٍ فَوْجًا مِمَّن يُكَذِّبُ بِآيَاتِنَا فَهُمْ يُوزَعُون
“Və o gün hər ümmətin arasından Bizim ayələrimizi təkzib edən bir qrupu dirildərik.”
Bu cümlə həmin gündə bütün insanların dirildiləcəyinə aşkar dəlildir.
NƏTİCƏ
Bu üç müqəddimədən aydın olur ki, ilahi ayələri təkzib edən insanlardan xüsusi bir dəstənin dirildilməsi ilə (bu, ikinci ayədən mə`lum olur) qiyamətdən öncə baş verən bir hadisəyə işarə olunur. Çünki qiyamət günündə insanların dirildilməsi bütün bəşər övladına şamildir və heç də xüsusi bir qrupla məhdudlanmır. Deməli buradan bir qrup insanın qiyamət baş verməmişdən öncə (və öləndən sonra) dirildilməsi isbat olunur ki, bu da rəc`ət adlanır. Qur`anın bərabərləri və vəhy müfəssirləri olan Peyğəmbər (s.ə.v.v) Əhli-beyti bu barədə əlavə izahlar da vermişlər. Biz ixtisara riayət edərək onların birini qeyd edirik. İmam Sadiq (ə) buyurur:
ايَّامُ اللّهِ ثَلَاثَةٌ يَوْمُ الْقَائِم وَ يَوْمُ الْكَرَّةِ وَ يَوْمُ الْقِيَامَةِ
“Allah günləri üçdür: Həzrəti Məhdinin qiyam etdiyi gün, rəc`ət günü və qiyamət günü.”
Digər yerdə buyurur:
لَيْسَ مِنَّا مَنْ لَمْ يُؤْمِنْ بِكَرَّتِنَا
“Bizim dünyaya yenidən (həyata) qayıdışımızı qəbul etməyən şəxs bizdən deyildir.”
Yaxşı olar ki, burada iki mühüm məsələni qeyd edək.
1- RƏC`ƏTİN FƏLSƏFƏSİ
Rəc`ətdən məqsədin nə olmasında düşünməklə bu hadisənin yüksək hədəflərindən ikisi ilə qarşılaşırıq: biri islamın həqiqi əzəmət və cəlalını göstərib kafirlərin zəlilliyini və həqirliyini aşkar etmək, digəri isə imanlı və əməlisaleh insanları mükafatlandırıb kafir və zalımlara cəza verməkdir.
2- RƏC`ƏTİN TƏNASÜXLƏ BARİZ FƏRQLƏRİ
Qeyd olunmalıdır ki, şiələrin nəzərində olan rəc`ət heç vaxt tənasüxə e`tiqadı gərəkli etmir, çünki tənasüx nəzəriyyəsi Qiyamətin inkar olunması əsasındadır. Bu nəzəriyyə ardıcılları dünyanın daimi dövr etmə əsasında cərəyan etdiyinə inanır və deyirlər ki, hər dövr özündən əvvəlki dövrün təkrarıdır.
Bu nəzəriyyəyə əsasən hər insan öldükdən sonra onun ruhu, bir daha dünyaya qayıdır və başqa bir bədənə nəql olunur. Əgər ruh keçmiş dövrdə yaxşı əməl sahiblərinin bədənində olmuşsa sonrakı dövrü xoşluqla keçirən bir bədəndə qərarlaşır. Əgər pis əməl sahibi olmuşsa sonrakı dövrü çətinlik və məşəqqətlə keçirəcək bir bədənə nəql olunur. Və bu qayıdış da onun qiyamətdəki dirçəlişi kimidir! Halbuki rəc`ətə inananlar islam şəriətinə tabe olaraq qiyamətə və məada iman gətirir, digər tərəfdən də ruhun ayrıldığı bədəndən başqa bir bədənə nəql olunmasını qeyri-mümkün hesab edirlər. Yalnız buna inanırlar ki, insanların bir qrupu qiyamət baş verməzdən öncə elə bu dünyada diriləcək və onların hikmət və məsləhətləri gerçəkləşdikdən sonra yenidən əbədi dünyaya doğru tələsəcəklər ki, qiyamət günündə sair insanlarla birlikdə dirilsinlər. Bir ruh bədəndən ayrıldıqdan sonra heç vaxt başqa bədənə nəql olunmur.
http://m.ok.ru/dk?st.cmd=altGroupMain&st.groupId=52028119711878&_prevCmd=userAltGroups&tkn=6828
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев