Turançı= “Evdə qal, amma Qarabağsız və pulsuz qalma!..”
“Övladlarının neçə milyonluq qol saatı olan milyarderlərə sahib ölkənin də torpağı 30 il işğal altında, vətəndaşları isə cəmi 190 manatın ümidinə qalarmı?..”
3 cümlə ilə bir "quş"...
“Pandemiya” deyilən dövrdə Azərbaycan vətəndaşlarının əksəriyyəti canla-başla karantin qaydalarına əməl edib evdə qalırlar; fəqət, dövlətin 100 mindən çox imkansıza 190 manatlıq yardımına rəğmən, bir xeyli insanımız pulsuz, məcburi köçkün vətəndaşlarımız isə həm də 30 ilə yaxındır ki, doğma yurdsuz-yuvasız, ocaqsız, torpaqsız qalıb...
Gerçəkləri dərindən düşünəndə adam ölkəsi adına utanır ki, bir belə neft-qaza, yeraltı-yerüstü sərvətə, 9 cür iqlim şəraitinə malik, övladlarının neçə milyonluq qol saatı, maşını, yaxtası olan milyarderlərə sahib respublikanın da torpağı on illərlə işğal altında, vətəndaşları isə cəmi 190 manatın ümidinə qalarmı?..
Nə qədər ki, koronavirus cin atına minib daha bir neçə aylığına boğazımıza çökməyib, ölkənin sərvətlərini talamaq, rüşvət, korrupsiya hesabına milyardlara sahiblənmiş, xarici banklarda hesabları, ofşorlarda kapitalları olan qeyri-leqal oliqarx milyarderlərimizə qanuni amnistiya verib “dəzgah”a oturtmağın və günün şüarını dəyişməyin vaxtıdır; “Evdə qal, amma Qarabağsız və pulsuz qalma!..”
P.S. Azərbaycan vətəndaşı nə qədər maddi çətinlik yaşasa da, çörəkpulundan, yardımdan öncə işğal altındakı torpaqları, Qarabağı düşünməlidir. Çünki innən belə bir 3-4 il də koronavirus bəhanəsi ilə torpaqlarımızı azad edə bilməsək, bu gün min bir əziyyətlə böyütdüyümüz övladlarımız, nəvələrimiz sabah nəinki Qarabağsız, Gəncəsiz, Gədəbəysiz, Tərtərsiz, Bərdəsiz, Ağcabədisiz, Beyləqansız və s. qala bilər... Bu isə bütövlükdə xalqımızın yox olmasına gətirib çıxara bilər. O halda bizim bu gün 190 manat alıb yaşamağımızın mənası nə olar? Odur ki, aylarla evdə qalmağa məcbur olsaq da, koronavirusu, pulsuzluğu gündəmə mindirib o torpaqları unutmayaq, Qarabağı daim gündəmdə saxlayaq, tələb edək, ən azı, düşüncələrimizdə Qarabağsız qalmayaq...
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 1